Ça. İyl 27th, 2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya sahillərində heyət üzvləri dəniz quldurları tərəfindən qaçırılan gəminin kapitanlarından biri ilə telefon söhbəti edib.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumatda bildirilib. 

Kapitan Furkan Yaren ilə telefonla danışan prezident deyib ki, bu məsələ tamamilə onun nəzarətindədir.

 Ərdoğan gəmiyə edilən hücum zamanı özlərini qurtaran 3 nəfərin səhhəti ilə də maraqlanıb və girov götürülənlərin geri qaytarılması üçün cəhdlərin davam etdiyini deyib.

Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur. Dəniz quldurları tərəfindən qarət edilən gəmi Qabonun Gentil limanında lövbər salıb. Gəmidə qalan F.İsmayılovun nəşi yanvarın 26-da Türk Hava Yollarının uçuş reysi ilə  Azərbaycana göndəriləcək. Gəmidə qalan 3 nəfər isə müalicə üçün nəzarətə alınıb.