Be. İyn 21st, 2021

Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub.

Trend xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi Prezident İlham Əliyevlə görüşü zamanı deyib.

Nazir bildirib: “Cənab Prezident, bizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Əvvəlcə Sizi və Azərbaycan xalqını ərazilərinizi azad etməyiniz münasibətilə təbrik etmək istərdim. Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün olmuşdur. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır. Mən Sizin “3+3” əməkdaşlıq formatı təklifinizə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcəyəm, yəni 5 üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur.

Ölkənizin ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır. Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub.