Şb. İyn 19th, 2021

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş onlayn müşavirə keçirilib.

Müşavirədə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyət tərəfindən 2020-ci ilin fəaliyyət planının uğurla yerinə yetirildiyini, pandemiya şəraitinin çətinliklərinə baxmayaraq ötən ildə qarşıya qoyulan vəzifələrin tam icra edildiyini bildirib.

Belə ki, ötən il Cəmiyyətin həm istehsalat, həm də hasilat göstəriciləri plandan daha artıq olmaqla, 2019-cu ilin nəticələrini üstələyib. Beləliklə, “AzerGold” QSC-nin hasil etdiyi qızıl və gümüşün dünya bazarına ixracı nəticəsində il ərzində ölkə iqtisadiyyatına ümumilkdə 186,5 milyon manat həcmində vəsait daxil olub.

Müşavirədə “AzerGold”un ötən ildə də regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini davam etdirdiyi vurğulanıb. Yeni yataqların işlənməsi, eləcə də əldə olunan müsbət iqtisadi artım göstəricilərinin daha yüksək dinamika ilə davamlılığının təmin edilməsi məqsədilə Cəmiyyət tərəfindən ilk dəfə tədavülə buraxılan 20 milyon ABŞ dolları həcmində istiqrazların emissiyası uğurla həyata keçirilib.