Ca. İyn 24th, 2021

Bakı Ali Neft Məktəbinin layihəsi Elmin İnkişafı Fondu tərəfindən elan olunan “Elm-Təhsil-Sənaye” məqsədli qrant müsabiqəsinin qalibi olub. Ali Məktəbin Neft-qaz mühəndisliyi kafedrasının dosenti Nərminə Qarayevanın müəllifi olduğu “Birləşmiş Millətlər Təşkilatının Çərçivə Təsnifatının (UNFC) Azərbaycanda karbohidrogen ehtiyyatlarına tətbiqinin dəyərləndirilməsi” layihəsi qrant müsabiqəsi üzrə 9 qalib layihədən biri seçilib.

Layihənin elmi ideyası Azərbaycanda karbohidrogen ehtiyyatlarına daim qlobal, ümumi prinsiplərə əsasən təsnifat sisteminin tətbiqi və 1984-cü ildən tətbiq olunan mövcud köhnə sistemlə yeni işlənmiş sistemlər arasında müqayisənin aparılmasıdır.

5 layihə fizika-riyaziyyat və texnika elmləri üzrə, 1 layihə kimya elmləri üzrə, 1 layihə yer haqqında elmlər üzrə və 2 layihə biologiya, tibb və aqrar elmləri üzrə qalib olub. Qalib layihə rəhbərlərindən 1-i qadındır ki, o da BANM-in dosenti Nərminə Qarayevadır.

Multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük verilib.