Bz. İyn 20th, 2021

“Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutu mənim təşəbbüsümlə yanvarın 19-da yaradılmışdır. Birinci təyinat məhz Şuşa rayonuna olan təyinatdır. Bu da təbiidir. Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Şuşanın işğal altına düşməsi böyük faciə idi: “Hər bir şəhərin, hər bir kəndin, rayonun işğal altına düşməsi böyük faciə idi. Amma Şuşanın işğal altında düşməsi bizim üçün bəlkə də ən ağrılı itkimiz olmuşdur. Təkcə ona görə yox ki, Şuşanın strateji yerləşməsi imkan verirdi ki, bütün bölgəyə, – əgər orada işlər düzgün qurulsaydı, – nəzarət edək, imkan verirdi ki, Şuşanı müdafiə etmək üçün hətta az qüvvələrlə bütün lazımi tədbirləri görək. Şuşanın itirilməsi xalqımız üçün böyük sarsıntı yaratmışdır, mənəvi sarsıntı yaratmışdır və biz 28 il Şuşasız yaşamışıq. Ancaq Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşaya qayıtmışıq və noyabrın 8-də bu müjdəni Azərbaycan xalqına verərək demişdim ki, Şuşa, sən azadsan! Biz öz tariximizə qayıtmışıq. Əlbəttə ki, Şuşanı bərpa edəcəyik, Şuşanı dirçəldəcəyik və dirçəlmə prosesi artıq başlamışdır”.