Ca. İyn 24th, 2021

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, “Coca-Cola” Fondu və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilən “New Generation 2.0” layihəsi 2021-ci il üçün olan mövsümünə başlayır. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) nəzdində fəaliyyət göstərən “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən icra edilən “New Generation 2.0” layihəsi 28 yanvar 2021-ci ildə ictimaiyyətə təqdim edilib.

“New Generation 2.0” (“Yeni Nəsil 2.0”) Azərbaycanda gənclərin və qadınların sahibkarlıq fəaliyyətində iştirak etməsinə imkan yaradan və biznesə dəstək verən bir illik layihədir. Bakı, Abşeron-Qobustan, Gəncə-Qazax, Şəki-Zaqatala, Sabirabad və Lənkəran regionlarını əhatə edəcək layihənin istiqamətləri özündə sahibkarlıq düşüncəsi, təhsili və mədəniyyəti, innovativ ekosistemin yaradılması, “HoReCa”, kənd təsərrüfatı və rəqəmsallaşmanı əks etdirir.

Pandemiya səbəbindən onlayn həyata keçirilən layihənin təqdimat mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə direktoru Adrian Cernautan, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin rəsmi missiya rəhbəri Cey Sinx, Milli Məclisin deputatları Şahin Seyidzadə, Nigar Arpadarai, Kamal Cəfərov, Avropa Gənc Sahibkarlar Assosiasiyasının (JEUNE) fəxri prezidenti Patrik Kovacs iştirak edib.

Tədbirin açılışını edən “Youth Inc.” Sahibkarlıq Proqramının koordinatoru Talifa İsgəndərli Proqramın ötən illərdəki uğuru, bu layihənin fəaliyyət istiqamətləri, görüləcək işlər, hədəflər haqqında təqdimat edib.