Şb. İyn 19th, 2021

“…2016-cı ildə, Aprel döyüşlərindən sonra, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində geniş miqyaslı quruculuq işləri başlayarkən, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev öz çıxışlarının birində bildirdi ki, bu hadisə Qarabağa “Böyük Qayıdış”ın başlanğıcıdır. Tarix qısa bir zamanda Prezidentimizin bu bəyanatının, bu proqramının reallığını artıqlaması ilə təsdiq etdi”.

bu sözləri yap.org.az saytına müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov bildirib ki, “Böyük Qayıdış” proqramının intensiv şəkildə həyata keçirilməsi Qarabağ torpaqlarını yenidən canlandıracaq, insanlar öz yurd-yuvalarına qayıdacaqlar. Tezliklə işğaldan azad edilən ərazilərdə geniş miqyasda iqtisadi, sosial layihələr və aktiv məşğulluq proqramları icra olunacaq, kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatlarının yaradılması ilə insanların məşğulluğu təmin ediləcək. İqtisadiyyat və sosial həyat tamamilə yenidən qurulacaq. Bunun üçün sözügedən sahələrə dövlətimiz tərəfindən böyük həcmdə maliyyə resursları cəlb olunacaqdır. Şübhəsiz, Dağlıq Qarabağ və ətraf rayonların iqtisadiyyatının bərpası və inkişafı növbəti onilliklərdə Azərbaycan iqtisadiyyatına böyük dividentlər verəcəkdir. Azərbaycan Prezidenti artıq bu məsələdə öz qətiyyətli mövqeyini ortaya qoyaraq demişdir: “Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi maneə yoxdur”.

Zəngin təbii ehtiyatlara malik Qarabağ və ətraf rayonların iqtisadiyyatının bərpası və yenidən qurulması qeyri-neft sektorunda yeni gəlirlərin əldə edilməsinə, iş yerlərinin yaradılmasına, ixrac potensialımızın artırılmasına, ölkə iqtisadiyyatının böyüməsinə əhəmiyyətli şəkildə təkan verəcəkdir.