Ça. İyl 27th, 2021

Yanvarın 30-da Dövlət Gömrük Komitəsinin 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan onlayn formatda Kollegiya iclası keçirilib.

Komitədən Trend-ə bildirilib ki, Dövlət Gömrük Komitəsinin kollegiya üzvləri əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Dövlət Gömrük Komitəsində onlayn formatda keçirilən Kollegiya iclasında çıxış edən Komitə sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ilk olaraq gömrük əməkdaşlarını 30 yanvar peşə bayramı günü münasibətilə təbrik edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi zəfər münasibətilə təbriklərini çatdıran DGK sədri bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, yüksək sərkərdəlik qabiliyyəti sayəsində bütün sahələrdə həyata keçirilən inkişaf strategiyası, xüsusilə ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin gücləndiriləməsi istiqamətində atdığı düşünülmüş, qətiyyətli addımlar və Azərbaycan əsgərinin rəşadəti Vətən müharibəsindəki qalibiyyətimizi səciyyələndirən əsas amillərdir. Komitə sədri onu da bildirib ki, vətən yolunda canlarından keçərək bizə tarixi zəfəri yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı diləyirik.