Ca. İyn 24th, 2021

26 yanvar – Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EkoSfera” Sosial-Ekoloji Mərkəz tərəfindən müəllim və məktəblilərlə videoformatda maarifləndirici tədbir keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ETSN və “EkoSfera”nın təşkilatçılığı ilə hazırlanmış azərbaycan və rus dillərində “Plastik – bizim həyatımızda 5 dərs” adlı metodiki vəsaitin təqdimatı olacaq. Eyni zamanda, Nazirliyin mütəxəssisləri tərəfindən tədbir iştirakçılarına Azərbaycan təbiəti, onun qorunması ilə bağlı məlumat və tövsiyələr veriləcək, milli parklar haqqında çəkilmiş film və reportajlar nümayiş etdiriləcək.

Dünya Ekoloji Təhsil Gününün qeyd edilməsində əsas məqsəd ətraf mühit problemlərinə, onların həllinə ictimai diqqəti yönəltmək və gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaqda ekoloji təhsilin və ekoloji maarifləndirmənin vacibliyini vurğulamaqdır.

Müasir ekoloji təhsil hərəkatı 1972-ci ilin iyununda İsveçin paytaxtı Stokholmda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının “İnsanın ətraf mühiti” adlanan konfransında beynəlxalq status alıb. Konfransın 21-ci plenar iclasında Stokholm Sazişi qəbul edilib. Sazişdə ətraf mühitə və davamlı inkişafa dair 26 prinsip yer alıb. Prinsiplərdən biri “Ətraf mühit üzrə təhsil vacibdir” adlanır.
Bu günlə bağlı dünyanın bir çox ölkəsində təhsil müəssisələrində, uşaq bağçalarında ekoloji təhsilin vacibliyi, ekoloji şüurun formalaşması və dövlətlərarası təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət cəlb edilir, ekoloji məsələlərə həsr edilmiş konfranslar və seminarlar keçirilir, “dəyirmi masalar” təşkil olunur.
Ölkəmizdə də “Dünya Ekoloji Təhsil Günü” ilə əlaqədar maarifləndirici vebinarlar keçirilir, xüsusilə məktəblilərin ekoloji dünyagörüşünün formalaşdırılmasına yönələn tədbirlər təşkil olunur.