Şb. İyl 24th, 2021

Artıq bir ildən çoxdur ki, dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizədə mütəxəssislər ciddi nailiyyət əldə edərək, qısa zamanda xəstəliyə qarşı effektiv peyvəndlər hazırlaya bilib. Belə ki, yoluxucu xəstəliklərlə mübarizədə vaksinasiyanın çox böyük əhəmiyyəti var.

Dövlətimizin səyi nəticəsində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini alınıb və vaksinasiya prosesinə start verilib. Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır. Qeyd edilən vaksin ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb. “CoronoVAC” vaksini bir neçə ölkədə klinik sınaqlardan keçirilib, effektivliyi yüksəkdir, mənfi təsirləri aşkar edilməyib. Vaksinin ölkəmizə mərhələli şəkildə gətirilməsi nəzərdə tutulub.

Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Bir həftədən çoxdur ki, ölkəmizdə əhalinin koronavirusa qarşı vaksinasiyasına başlanılıb. “Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na əsasən, ilk növbədə, əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının vaksinasiya edilməsi nəzərdə tutulur. Qeyd edilən strategiyanın əsas məqsədi ölkəmizdə koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. “Vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə, həm də səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Bu vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilib, tədqiqatlar aparılıb. Onun mənfi təsiri olmayıb. Əhalinin bəzi təbəqələri artıq bu prosesə cəlb olunub. Göründüyü kimi heç bir yan təsir müşahidə olunmur. Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik”,- deyə akademik Ə.Əmiraslanov bildirib.