C. İyn 18th, 2021

Ermənistan dövləti ilə diasporu arasında da narazılıq durmadan artmaqdadır. 44 günlük müharibədə Azərbaycanın Ermənistana vurduğu “dəmir yumruq” erməni diasporuna da təsirsiz ötüşməyib. İndi Ermənistan dövləti və diasporu bu zərbənin təsirindən ayılıb özünü toparlamağa çalışır. Ermənistanın baş naziri Nikol Paşinyanın məqsədi dünya ermənilərinin diqqətini, əsasən, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə yönəltməkdir. Bunun üçün o, Ermənistanın Diasporla İş üzrə Baş Müvəkkili Zare Sinanyan və Diasporla İş üzrə Baş Müvəkkil Aparatının rəhbəri Sara Anjargolyanı 22-24 yanvar tarixlərində Xankəndinə göndərib. Bu qanunsuz səfərin məqsədi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəsmiləri” ilə görüşlər keçirmək, diasporun ünvanlı yardımının təşkili və müharibədən sonrakı dövrdə mövcud proqramların təkmilləşdirilməsi üçün işlərin planlaşdırılması barədə müzakirələr aparmaq olub.

Z.Sinanyan qondarma rejimin “rəhbəri” Araik Arutyunyanla erməni diasporu ilə iş vektorlarını müzakirə ediblər. “Sputnik Armenia”nın yaydığı məlumata görə, görüşdə A.Artunyan erməni diasporunun yardımının vacibliyini qeyd edib. Müvəkkil öz növbəsində əmin edib ki, qondarma rejim öz problemləri ilə tək qalmayacaq.
A.Arutyunyan Z.Sinanyanla erməni diasporunun ölkədəki ermənilərlə münasibətləri, Dağlıq Qarabağda mənzil tikintisi və evsiz qalmış insanların problemlərinin həlli məsələlərini müzakirə edib.

“Yalnız ümumerməni səyləri ilə “arsaxı” bərpa etmək və inkişaf etdirmək mümkün olacaq. Bu baxımdan, Ermənistan-“arsax”-diasporun birgə və əlaqələndirilmiş üçlüyü işi mütləq şərtdir”, – deyə məlumada bildirilir.

Reallıq isə budur ki, müharibədən sonra erməni diasporunda gücsüzlük və məyusluq yaranıb. Bunu Z.Sinanyan və digər erməni rəsmiləri, o cümlədən diaspor üzvləri də dəfələrlə etiraf ediblər. İnsanlar açıq qalmış suallara cavab axtarırlar. Buna görə də dövlətlə diaspor arasında münasibətlər neqativ müstəviyə çıxıb. Paşinyan diasporla münasibətləri yenidən gözdən keçirmək istəyir və aradakı narazılığı qondarma rejim üzərindən düzəltməyə çalışır. Əsl məqsədi isə diaspordan Ermənistana investisiya axınını gücləndirməkdir. Halbuki, Paşinyan hakimiyyətə gələndə erməni diasporu onu bəyənmirdi. Paşinyanın təslimçilik bəyanatını imzalaması ona qarşı olan narazı kütləni daha da artırdı. Xüsusən, Rusiyadakı erməni icması ona qarşı sərt çıxışlar edirdi. Rusiyadakı erməni icmasının rəhbəri Ara Abramyan hər zaman onunla bağlı mənfi proqnozlar verib. Onun son Moskva səfərində A.Abramyan “Erməni icması baş nazir Nikol Paşinyanın istefasını gözləyir, Moskvaya səfərini yox”, deyə öz “Facebook” profilində etiraz etmişdi. Hətta, A.Abramyan Paşinyanın bu səfəri ilə Rusiyadakı 3 milyonluq erməni icmasını təhqir etdiyini və əsəbləşdirdiyini vurğulamışdı. Ayrıca, erməni icmasının Paşinyanın Moskvadaikən Ermənistanın Rusiya Federasiyasındakı səfirliyi qarşısında etiraz aksiyası da ona olan mənfi münasibətin bariz nümunəsidir. Erməni diasporunun, ümumiyyətlə, Paşinyan ailəsinə nifrəti var. Çünki bugünlərdə Paşinyanın arvadı qızları ilə birgə Moskvaya səfər edərkən hava limanında erməni icmasının üzvləri onları təhqir ilə qarşılayıblar.