Ca. Avq 5th, 2021

İsrailin Diaspora məsələləri Nazirliyi tərəfindən dünyada anti-semitizm ilə bağlı vəziyyətə dair illik hesabat hazırlanıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumata görə, 27 yanvar – Holokost qurbanlarının anım günü öncəsində dərc edilən bu hesabatda dünya ölkələrində 2020-ci ildə anti-semitizm vəziyyəti dəyərləndirilir:

“Hesabatda Ermənistanda anti-semitizmin ciddi şəkildə artması ilə bağlı məlumat verilir. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də İsrail ilə Azərbaycan arasında siyasi və müdafiə sahəsində əməkdaşlığın Ermənistanda anti-semitizmin artmasına gətirdiyi vurğulanır. Bu fonda, erməni xalqına qarşı tarixi və hazırkı cinayətlər ittihamları ilə etnik-dini zəmində yəhudilərə qarşı siyasi tənqidin konkret hücumlar ilə əvəzləndiyi qeyd olunur. Israil dövlətinə qarşı tənqidin, hətta ifrat şəkildə antisemitizm bəyanatlarının səsləndiyi bildirilir.

Məlum olduğu kimi, Ermənistanda nasizmin təbliği və faşizmin qəhrəmanlaşdırılmasının dövlət siyasətinə çevrildiyi tərəfimizdən dəfələrlə, o cümlədən ən yüksək səviyyədə qaldırılmışdır. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidentinin 2019-cu ildə MDB Dövlət başçıları Şurasının iclasında konkret sənədlərə və dəlillərə əsaslanan çıxışını xatırlatmaq istərdik.