Ça. İyn 22nd, 2021

Fərmanlar

Yan 30, 2021

Azərbaycan Respublikası Prezidentinin

2021-ci il 30 yanvar tarixli

Fərmanı ilə təsdiq edilmişdir

Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda Dövlət Nəzarəti İnformasiya Sisteminin (bundan sonra – İnformasiya sistemi) formalaşdırılmasının, aparılmasının və ondan istifadə edilməsinin, habelə İnformasiya sistemi ilə bağlı mühafizə tədbirlərinin təmin edilməsinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. İnformasiya sisteminin tətbiqi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında dövlət nəzarətinin təşkili və icra intizamının təmin edilməsi istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, o cümlədən Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin tapşırıqlarının (bundan sonra – tapşırıqlar) icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsinə xidmət edir.

1.3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası İnformasiya sistemi üzərində sahiblik və istifadə hüququnu həyata keçirir, qanunvericiliyə müvafiq qaydada İnformasiya sisteminin aparılmasını təmin edir.

1.4. İnformasiya sisteminə “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirrinə aid olan məlumatların daxil edilməsinə yol verilmir.

1.5. İnformasiya sisteminin saxlanması, fəaliyyəti və inkişaf etdirilməsi üçün zəruri xərclər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydanın məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

2.1.1. iştirakçı – İnformasiya sisteminə informasiya daxil etmək və göndərmək, həmçinin informasiya əldə etmək imkanı verilmiş dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər dövlət qurumları;

2.1.2. operator – Azərbaycan Respublikası Prezidentinin Administrasiyası;

2.1.3. informasiya təhlükəsizliyi üzrə operator – Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

2.1.4. elektron kabinet – iştirakçının bu Qayda ilə müəyyən edilmiş funksiyalar çərçivəsində, yalnız elektron imza vasitəsilə eyniləşdirilməklə, İnformasiya sisteminə daxil olmasına və istifadəsinə imkan verən, həmçinin operator ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifə.

3. İnformasiya sisteminin fəaliyyət prinsipləri

3.1. İnformasiya sisteminin fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

3.1.1. səmərəlilik – mümkün qədər az resurs istifadə edilməklə nəzərdə tutulan nəticənin əldə olunması;

3.1.2. istifadə rahatlığı – informasiya mübadiləsinin əlavə əməliyyat aparılmadan birbaşa yerinə yetirilməsi;

3.1.3. çeviklik – İnformasiya sisteminin dəyişən tələblərə uyğun olaraq sürətli şəkildə yenilənə və dəyişdirilə bilməsi.

4. İnformasiya sisteminin strukturu və funksiyaları

4.1. İnformasiya sisteminə aşağıdakı altsistemlər daxildir:

4.1.1. “Tapşırıqlar” altsistemi;

4.1.2. “Layihələr” altsistemi;

4.1.3. “Monitorinq” altsistemi;

4.1.4. “Əsas Səmərəlilik Göstəriciləri” altsistemi;

4.1.5. “Saxlanc” altsistemi;

4.1.6. “Müraciətlər” altsistemi;

4.1.7. “Hesabatlar” altsistemi;

4.1.8. “Administrator” altsistemi.

4.2. Altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir:

4.2.1. “Tapşırıqlar” altsistemi vasitəsilə tapşırıqların icrası vəziyyəti ilə bağlı məlumatların, sənədlərin və həmin sənədlərə dair məlumatların İnformasiya sisteminə daxil edilməsi, göndərilməsi, daxil olmuş məlumatların təhlil edilməsi, qiymətləndirilməsi;

4.2.2. “Layihələr” altsistemi vasitəsilə iştirakçıların həyata keçirdikləri layihələr barədə tələb olunan məlumatların İnformasiya sisteminə daxil edilməsi, göndərilməsi, həmin məlumatlar əsasında layihələrin səmərəliliyinin qiymətləndirilməsi;

4.2.3. “Monitorinq” altsistemi vasitəsilə dövlət nəzarəti qaydasında aparılan monitorinqlərin mövzularının formalaşdırılması, tələb olunan məlumatların, sənədlərin və ya onların surətlərinin İnformasiya sisteminə daxil edilməsi, göndərilməsi, daxil olmuş məlumatların təhlil edilməsi, qiymətləndirilməsi;

4.2.4. “Əsas Səmərəlilik Göstəriciləri” altsistemi vasitəsilə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin qiymətləndirilməsi üçün müəyyənləşdirilmiş əsas səmərəlilik göstəricilərinə uyğun olaraq İnformasiya sisteminə məlumatların daxil edilməsi və qiymətləndirilməsi;

4.2.5. “Saxlanc” altsistemi vasitəsilə İnformasiya sisteminə daxil edilmiş məlumat və sənədlərin saxlanılması;

4.2.6. “Müraciətlər” altsistemi vasitəsilə tapşırıqları icra hakimiyyəti orqanlarının və digər dövlət qurumlarının yerinə yetirməsi ilə bağlı daxil olan müraciətlərin qeydiyyatının aparılması;

4.2.7. “Hesabatlar” altsistemi vasitəsilə sistemin bütün altsistemlərində emal olunan məlumatlar əsasında formalaşdırılan hesabatların alınması;

4.2.8. “Administrator” altsistemi vasitəsilə operator tərəfindən iştirakçı məlumatları, iştirakçı imkanları, sistem parametrləri və digər məlumatların İnformasiya sisteminə daxil edilməsi və ya dəyişdirilməsi.

4.3. İnformasiya sistemindən istifadəyə dair texniki təlimat, habelə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri üzrə qiymətləndirilməsi metodikası İnformasiya sisteminə yerləşdirilir.

4.4. Dövlət Nəzarəti İnformasiya Sistemi ilə digər dövlət informasiya sistemi və ehtiyatları arasında qarşılıqlı əlaqələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.

5. Sistemin texniki-texnoloji infrastrukturu

5.1. İnformasiya sisteminin infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

5.1.1. texniki avadanlıq və proqram təminatı;

5.1.2. informasiya ehtiyatı və onu idarəetmə paneli;

5.1.3. əsas və ehtiyat mərkəzləri;

5.1.4. arxiv sistemi;

5.1.5. rabitə kanalları;

5.1.6. İnformasiya sisteminin test mühiti.

5.2. Texniki avadanlıq və proqram təminatı bu Qaydaya uyğun olaraq informasiya mübadiləsinin həyata keçirilməsini, iştirakçıların İnformasiya sistemindən istifadəsini təmin edir.

5.3. İnformasiya sistemində formalaşdırılan, İnformasiya sisteminə daxil edilən və göndərilən məlumatlar İnformasiya sisteminin informasiya ehtiyatında saxlanılır. İdarəetmə paneli vasitəsilə İnformasiya sisteminin informasiya ehtiyatının formalaşdırılması, idarə edilməsi, həmçinin həmin informasiya ehtiyatının mütəmadi yenilənməsi təmin edilir.

5.4. İnformasiya sistemində formalaşdırılan, İnformasiya sisteminə daxil edilən və göndərilən məlumatlar əsas mərkəzlə yanaşı, onun ehtiyat mərkəzində saxlanılır.

5.5. İnformasiya sistemində arxivləşdirmə dövri əsaslarla avtomatlaşdırılmış qaydada təmin edilir. İnformasiya sisteminin köhnəlmiş məlumatlarla yüklənməsinin qarşısının alınması və məlumatların mühafizəsi üçün onların seriyalı arxiv nüsxələri yaradılır.

5.6. İnformasiya sistemində təhlükəsiz məlumat mübadiləsi rabitə kanalları vasitəsilə təmin edilir.

5.7. İştirakçıların identikləşdirilməsi üçün İnformasiya sistemi elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya mexanizmi ilə təchiz edilir.

5.8. İnformasiya sisteminə qoşulacaq informasiya sistemlərinin və ehtiyatlarının yoxlanılması, habelə İnformasiya sistemində aparılan dəyişikliklərin yoxlanılması test mühitində həyata keçirilir.

5.9. İnformasiya sisteminin altsistemləri İnformasiya sisteminin texniki-texnoloji infrastrukturuna uyğun olaraq, bu Qaydanın 3-cü hissəsində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.

6. İnformasiya sisteminə daxil edilən məlumatlar

6.1. İştirakçılar tərəfindən İnformasiya sisteminə daxil edilən və göndərilən məlumatlar (sənədlər) aşağıdakılardır:

6.1.1. tapşırıqların icrası barədə hesabatlar və bunu təsdiq edən sənədlər (məktub, hesabat, arayış, foto və digər materiallar);

6.1.2. operator tərəfindən aparılan monitorinq və təhlillər ilə bağlı, habelə iştirakçılar tərəfindən icra edilmiş layihələr barədə məlumatlar;

6.1.3. yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı ayrı-ayrı yerli icra hakimiyyəti orqanları üzrə əsas səmərəlilik göstəricilərinin icrası barədə məlumatlar.

7. Operatorun funksiyaları

7.1. Operator aşağıdakı funksiyaları həyata keçirir:

7.1.1. İnformasiya sisteminin normativ hüquqi aktlara uyğun olaraq aparılmasına nəzarət etmək;

7.1.2. İnformasiya sisteminin istismarını, o cümlədən etibarlı və davamlı funksional fəaliyyətini təmin etmək;

7.1.3. iştirakçılar tərəfindən bu Qaydaya əməl edilməsinə nəzarət etmək;

7.1.4. bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş məlumatların (hesabatların) təqdim edilmə formasını müəyyən etmək;

7.1.5. İnformasiya sisteminin təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması üçün tədbirlər görmək;

7.1.6. İnformasiya sistemindən istifadə ilə bağlı iştirakçıları məlumatlandırmaq və onlara metodiki kömək göstərmək;

7.1.7. İnformasiya sistemində aparılan təmir və yenilənmə işləri haqqında iştirakçıları qabaqcadan məlumatlandırmaq;

7.1.8. İnformasiya sistemində baş verən nasazlıqları qısa vaxt ərzində aradan qaldırmaq, mütəmadi texniki dəstək fəaliyyətini həyata keçirmək;

7.1.9. məlumatlara giriş hüquqlarını müəyyən etmək və istifadə icazələri vermək;

7.1.10. informasiya təhlükəsizliyi üzrə operatorun fəaliyyəti üçün şərait yaratmaq.

8. İnformasiya təhlükəsizliyi üzrə operatorun funksiyaları

8.1. İnformasiya təhlükəsizliyi üzrə operator aşağıdakı funksiyaları həyata keçirir:

8.1.1. İnformasiya sisteminin əsas, ehtiyat və arxiv hissələrinin təhlükəsizlik parametrləri üzrə ekspertizasını həyata keçirmək, onun kibertəhlükəsizliyinin artırılması istiqamətində müvafiq texniki və metodiki kömək göstərmək;

8.1.2. İnformasiya sisteminin etibarlılığını və təhlükəsizliyini təmin etmək üçün əsas, ehtiyat və arxiv hissələrinin etibarlı kanallarla birləşməsini təmin etmək;

8.1.3. dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyətinin təhlükəsizlik parametrləri üzrə İnformasiya sisteminin mütəmadi monitorinqini həyata keçirmək.

9. İştirakçının hüquq və vəzifələri

9.1. İştirakçının aşağıdakı hüquqları vardır:

9.1.1. İnformasiya sisteminin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

9.1.2. İnformasiya sisteminin fəaliyyəti ilə bağlı aşkar olunmuş qüsur və çatışmazlıqlar (nasazlıqlar) barədə operatora məlumat vermək.

9.2. İştirakçının aşağıdakı vəzifələri vardır:

9.2.1. İnformasiya sisteminin istifadəsinə məsul olan şəxsləri təyin etmək və onları elektron imza ilə təmin etmək;

9.2.2. bu Qaydanın 6-cı hissəsinə uyğun olaraq, İnformasiya sisteminə daxil edilən məlumatların tamlığını, dolğunluğunu və təhlükəsizliyini təmin etmək;

9.2.3. operator tərəfindən İnformasiya sisteminə daxil edilən və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumat və sənədləri daim izləmək;

9.2.4. İnformasiya sisteminin fəaliyyətini ləngidən, ona zərər vuran və ya onun fəaliyyətinin dayanmasına səbəb ola bilən hərəkətlərə yol verməmək.

10. İnformasiya sistemindən istifadə

10.1. İştirakçı İnformasiya sistemindən aşağıdakı istifadə imkanlarına malikdir:

10.1.1. qeydiyyatdan keçmək;

10.1.2. elektron kabinetdən istifadə etmək;

10.1.3. bu Qaydanın 6-cı hissəsində göstərilən məlumatları İnformasiya sisteminə daxil etmək;

10.1.4. operatorla real vaxt rejimində əlaqə yaratmaq;

10.1.5. metodika və təlimatlarla bağlı məlumatlar əldə etmək;

10.1.6. operator tərəfindən aparılan qiymətləndirmənin ilkin və yekun nəticələri ilə tanış olmaq və ilkin nəticələrlə bağlı rəy bildirmək.