Ç. İyn 23rd, 2021

Fransanın paytaxtında və ölkənin digər şəhərlərində mətbuat azadlığı və “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin bəzi maddələrinə edilən dəyişikliklərə etiraz olaraq icazəsiz aksiyalar keçirilib.

APA yerli “BFM” telekanalına istinadən xəbər verir ki, aksiyaları zamanı 35 nəfər polis tərəfindən saxlanılıb. 

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə nümayişlərə 32770 nəfər qatılıb. Onların 5050 nəfəri Parisdəki aksiyada iştirak edib. Etirazçılardan 28 nəfəri paytaxtda saxlanılıb. 

İki polis əməkdaşının yüngül xəsarət aldığı bildirilib.

Parisin “Place de la Republique” meydanında bir neçə etirazçı hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə və digər əşyalar atıblar. Polis su toplarından istifadə edib.

Qeyd edək ki, etiraza səbəb “Qlobal təhlükəsizlik haqqında” qanunun 24-cü maddəsinə ediləcək dəyişikliyə görə, polisin və ya hüquq-mühafizə orqanı əməkdaşının xidmət zamanı jurnalistlər tərəfindən foto-video çəkilişlərinin aparılması qadağan edilir. 

Jurnalist həmkarlar ittifaqları və müxalifət tərəfindən qanuna edilən bu dəyişiklik söz azadlığına qarşı ciddi addım kimi qiymətləndirilib. 

Qanunu pozan şəxsi üçün 1 il həbs cəzası və 45 min avro cərimə nəzərdə tutulub.