Şb. İyn 19th, 2021

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov Azərbaycan xalqının dünya hərb tarixinə bəxş etdiyi görkəmli sərkərdələrdəndir. Sovet ordusunda, o cümlədən Böyük Vətən müharibəsində müstəsna yeri olan Həzi Aslanovun xidmətləri bu gün də dünyanın hərbi mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. Cinahlardan zərbələr ustası kimi tanınan qəhrəman həmyerlimiz haqqında marşallar, generallar, zabitlər həmçinin onun komandirlik etdiyi hərbi hissələrin sıravi döyüşçüləri belə həmişə fəxrlə söhbət açmış, yüksək əxlaqi və iradi keyfiyyətlərə malik bir şəxsiyyət, sərkərdə, əfsanəvi qəhrəman, hər şeydən öncə, içdiyi hərbi anda, vətəninə, xalqına sadiq bir insan və qətiyyətli general kimi qiymətləndirmişlər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Həzi Aslanov şəxsiyyətinə və qəhrəmanlığına ən yüksək qiyməti, dəyəri, xalqımızın ümummilli lideri Heydər Əliyev vermiş və onun adı ölkəmizdə, eləcə də respublikamızın hüdüdlarından çox-çox uzaqlarda əbədiləşdirilmişdir. Heydər Əliyevə görə, Həzi Aslanov böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə faşizm üzərində qələbəyə həsr olunmuş tədbirlərə hər il görkəmli hərbi sərkərdə Həzi Aslanovun məzar-abidəsi qarşısında keçirilən tədbirlərlə start verilərdi.

Unudulmaz Liderimiz məsləhət görərdi ki, Həzi Aslanov kimi oğulların igidlikləri həmişə gənclərimiz üçün nümunə olsun, döyüşçülərimiz öz atalarının, babalarının qəhrəmanlıq tarixini yaxşı öyrənsin, ondan nəticələr çıxarsın və öz əsgəri, hərbi fəaliyyətlərində istifadə etsinlər. Çünki atalarımızın, babalarımızın, əcdadlarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnəkdir.