Ç. İyn 23rd, 2021

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə bölgələrdə fəaliyyət göstərən tibb müəssisələri arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədi ilə Agentliyin strukturuna daxil olan Ağcabədi filialı fəaliyyətə başlayıb.

Bu barədə Trend-ə Agentlikdən bildiriblər. Bununla da Agentliyin fəaliyyət göstərən filiallarının sayı 8-ə çatıb.

Belə ki, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Quba, Şamaxı, Şirvan və Lənkəran filialları Agentliyin İdarə Heyəti tərəfindən müəyyən edilmiş inzibati ərazi vahidləri üzrə fəaliyyət göstərirlər. Agentliyin Gəncə filialı Gəncə və Naftalan şəhərlərini, Samux, Goranboy, Göygöl, Daşkəsən, Xocalı və Kəlbəcər rayonlarını, Mingəçevir filialı Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Bərdə və Tərtər rayonlarını, Şəki filialı Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarını, Ağcabədi filialı Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayonlarını, Quba filialı Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını, Şamaxı filialı Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarını, Şirvan filialı Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayonlarını, Lənkəran filialı Lənkəran, Masallı, Yardımlı, Lerik və Astara rayonlarını əhatə edir.

İcbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlər yaratmaq, sistemi əhali üçün əlçatan etmək və digər bu kimi məsələlər filialların fəaliyyət istiqamətləridir.