Ca. Avq 5th, 2021

Kəlbəcərdəki qızıl ehtiyatlarından səmərəli istismar olunması üçün Vergi Məcəlləsinə dəyişiklik edilir. 

APA-nın məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə yeni – 164.1.54-164.1.55-ci maddələrin əlavə edilməsi təklif olunur. 

Təklif olunan yeni maddəyə əsasən, qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı – 2021-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad edilir. 

Eyni zamanda külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışının da vergidən azad edilməsi təklif olunur. 

Qeyd olunub ki, zərgərlik sənayesində islahatların aparılması, valyutanın xaricə axınının qarşısının alınması, bunun müqabilində qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, zərgərlik və nəqqaşlıq kimi qədim peşələrin inkişafına töhfə verilməsi, onların fəaliyyətinin dəstəklənməsi məqsədilə qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə təsdiqedici sənəd əsasında dəzgah, avadanlıq və qurğuların idxalının – 2021-ci il yanvarın 1-dən 3 il müddətinə və külçə, sikkə və qranul şəklində qızılın və gümüşün satışının əlavə dəyər vergisindən, eləcə də idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz – 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad edilməsi təklif edilir.

Eyni zamanda, Kəlbəcər rayonunun işğaldan azad edildiyini və rayonun böyük qızıl ehtiyatına malik olduğunu nəzərə alaraq, sözügedən vergi güzəştləri Kəlbəcər rayonunun qızıl ehtiyatının səmərli şəkildə istismar olunmasını təmin etməklə ölkə iqtisadiyyatına töhvə vermiş olacaq.