Şb. İyn 19th, 2021

Xalq yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub. Bu barədə kitabın redaktoru, Almaniyada yaşayan həmyerlimiz, yazıçı-araşdırmaçı Orhan Aras məlumat verib. O, bildirib ki, roman türkoloq Herman Kielin tərcüməsində işıq üzü görüb.

ADu-dan Trend-ə bildirilib ki, “Amazon”, “Booklooker”, “Buchkatalog.de”, “Thalia.de” kimi böyük kitab satış saytlarında “Das Unvollstandige manuskript” adı ilə alman oxucularına təqdim olunan roman “Epubli” nəşriyyatında işıq üzü görüb.

Kitabın rəssamı Soltan Soltanlıdır. Nəşriyyat “Yarımçıq əlyazma” romanını “Alman oxucu bu romanda Şərqin özünəməxsus rəngini görəcək və fərqli bir tarixi dövrünə şahidlik edəcək” təqdimatı ilə oxucuların ixtiyarına verib.

Qeyd edək ki, 2020-ci ildə yazıçının “Sehrbazlar dərəsi” romanı da Almaniyada yayımlanıb.