Şb. İyl 24th, 2021

Bəzi mətbuat orqanlarda və sosial şəbəkələrdə hərbi qulluqçuların əməkhaqqının azaldılmasına dair dərc olunanlarla bağlı Maliyyə Nazirliyi bildirir ki, Azərbaycan Respublikasının hərbi qulluqçularının pul və maddi təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında həyata keçirilir. Həmin qanunun 10.2-ci maddəsinə uyğun olaraq, döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır.

Bu barədə Trend-ə Maliyyə Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, Vətən müharibəsi başlanan dövrdə elan edilən qismən səfərbərliklə Azərbaycan ordusunun şəxsi heyəti ehtiyatda olan zabit və gizirlər, habelə əsgərlər hesabına artırılıb: “Ermənistan üzərində zəfər qazandıqdan sonra orduya cəlb edilən hərbiçilərin bir hissəsi artıq tərxis edilib, bununla əlaqədar hazırda Müdafiə Nazirliyinin hərbi qulluqçularının sayının, o cümlədən “Hərbi qulluqçuların statusu haqqında” qanunun yuxarıda qeyd olunan maddəsinə uyğun olaraq ikiqat pul təminatı ilə əhatə olunan hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi zərurəti yaranıb”.

Vurğulanıb ki, Vətən müharibəsindən əvvəl Müdafiə Nazirliyi tərəfindən ikiqat pul təminatı təmas xəttində xidmət keçən hərbi qulluqçulara ödənilib: “Vətən müharibəsi zamanı isə Qarabağ ərazisində, döyüş şəraitində olan, habelə bütün digər döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara ikiqat pul təminatı ödənilib. Ermənistanın kapitulyasiyasından sonra təmas xəttinin uzunluğu, coğrafiyası və digər məsələlərin kardinal şəkildə dəyişməsi səbəbindən Müdafiə Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir. Bununla əlaqədar Maliyyə Nazirliyi tərəfindən Müdafiə Nazirliyinə müvafiq sorğular edilib. Aparılan dəqiqləşdirmələr nəticəsində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə təmin olunacaq”.