Ça. İyl 27th, 2021

Yanvarın 25-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi yaz sessiyasında ilk iclasını videoformatda keçirib.

onlayn iclasda Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli payız sessiyasının Vətən müharibəsi günlərinə təsadüf etdiyini və hər bir azərbaycanlının həyatında ən yaddaqalan tarixə çevrildiyini qeyd edib.

O vurğulayıb ki, 44 günlük müharibədə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun rəşadəti ilə qazanılan qələbə millətin 30 illik nisgilinə son qoyub, dünya dövlətləri arasında ölkəmizin yerini və mövqeyini gücləndirib.

Vitse-spiker qeyd edib ki, düşmənlə savaşda Milli Məclisin rəhbərliyi və hər bir deputatı müharibənin gerçəklərini dünyaya çatdırmaq və işğalçı tərəfin yalanlarını ifşa etmək istiqamətində ciddi fəaliyyət göstərib. Vurğulayıb ki, müharibə və pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, payız sessiyasında Azərbaycan parlamenti öz işini ən yüksək səviyyədə davam etdirib, qarşıda duran vəzifələr layiqincə yerinə yetirilib.