Şb. İyl 24th, 2021

Jurnalist, media eksperti Qulu Məhərrəmli AMEA-nın Dilçilik İnstitutundakı “Qaynar xətt”in fəaliyyəti dayandırmasına etiraz edib.

APA-nın məlumatına görə, o, kompüterlərin söküldüyünü, otağın isə hansısa şuraya verildiyini bildirib.

Məsələ ilə bağlı Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu APA-ya deyib ki, ötən ilin sentyabrında Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılması ilə əlaqədar İnstituta aid 3 otaq müvəqqəti olaraq Monitorinq Mərkəzinə verilib: “Monitorinq şöbəsinin müdiri, şöbənin aparıcı elmi işçisi və “Qaynar xətt”ə baxan şəxs Monotorinq Mərkəzində çalışmağa başladı. Pandemiya olduğundan onsuz da “Qaynar xətt”ə zəng edən yox idi. Bir müddət çətinliyimiz oldu. Ancaq yaxın vaxtlarda “Qaynar xətt” yenidən işə düşəcək, heç bir problem yoxdur. Kompüterlə bağlı da problem yoxdur, bir otaqdan digərinə köçürülüb. “Qaynar xətt”ə aid olan prosessor, kompüter, aparatlar Monitorinq şöbəsindədir. Bu, sırf pandemiya və otaq çatışmazlığı ilə bağlı idi”.

M. Nağısoylu qeyd edib ki, artıq İnstitutun Monitorinq şöbəsinə yeni rəhbər də təyin olunub. Şöbənin rəhbəri vəzifəsinə İnstitutun əməkdaşı Ruslan Abdullayev gətirilib.