Ç. İyn 23rd, 2021

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Qarnizonu Qoşunlarında 2020-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2021-ci yeni tədris ilinə hazırlıq planına uyğun olaraq Naxçıvan Qarnizonu Qoşunlarında müxtəlif ixtisaslar üzrə toplantılar keçirilib. Kiçik komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən toplantılarda müxtəlif ixtisaslı gizirlər və manqa komandirləri iştirak ediblər. Taqım komandirləri, bölük, batareya, tabor, divizion, birləşmə komandirləri və müavinləri ilə keçirilən toplantılarda zabitlərin ixtisas hazırlıqları yoxlanılıb.

Müxtəlif kateqoriyalı və ixtisaslı hərbi qulluqçularla keçirilən toplantılarda əsas diqqət 44 günlük Vətən müharibəsində iştirak edən bölmələrin təcrübəsinin öyrənilməsinə yönəldilib. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən dərslər zamanı nəzərə çatdırılıb ki, “Təlimdə tər, döyüşdə zəfər” prinsipi ilə peşəkarlaşan hərbi qulluqçularımız döyüşlərdə “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarı ilə böyük əzmlə Şuşa şəhərinədək irəlilədilər.

2021-ci tədris ilinə hazırlıq tədbirləri çərçivəsində bütün birləşmə və hissələrdə şəxsi heyətə sıra baxışı keçirilib, bölmələrin maddi-tədris bazaları və tam təchizatı yoxlanılıb.