Ç. İyn 23rd, 2021

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası və qarşıda duran vəzifələr müzakirə olunub.

Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, Baş nazir Əli Əsədov 2020-ci ilin əsas hadisəsi kimi xalqımızın Vətən müharibəsindəki qələbəsini vurğulayıb, gündəlikdə duran məsələlər – ötən ilin yekunları, makroiqtisadi göstəricilər, islahatların gedişi, qeyri-neft sektorundakı vəziyyət, pandemiyanın yaratdığı problemlər və onların aradan qaldırılması haqda çıxış edib.

Müşavirədə Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, ƏƏSMN Sahil Babayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev məruzə ediblər.

Yekun çıxışında Baş nazir Əli Əsədov qeyd edib ki, Prezidentin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planı hazırlanır və bütün ərazilərin və şəhərlərin bərpası vahid konsepsiya əsasında həyata keçiriləcəkdir.