Ça. İyl 27th, 2021

Xalqın ən böyük sərvətlərindən biri milli-mənəvi dəyərlərinin, mədəniyyətinin formalaşmasında rol oynayan dahi şəxsiyyətləri, tanınmış mütəfəkkirləridir. Çünki bir xalqın dünya sivilizasiyasında özünəməxsus yer tutmasında dahi şəxsiyyətləri xüsusi rol oynayır. Biz də o xoşbəxt xalqlardanıq ki, söz yaradıcılarımız bəşəriyyətə öz töhfəsini verib və bütün dünyada tanınır, sevilir. Belə əvəzolunmaz dahilərimizdən biri də heç şübhəsiz özünəqədərki bəşəri dəyərlərin zirvəsində dayanan Nizami Gəncəvidir. Dahi Şeyx Nizaminin həyatı və ədəbi-elmi irsi hər kəs üçün ən yaxşı nümunə, örnəkdir.

Bu il anadan olmasının 880 illik yubileyi tamam olan məşhur mütəfəkkirimizin ölməz ədəbi irsi təkcə xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilməyib, eyni zamanda əsərlərindəki humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, dərin fəlsəfi fikir bütünlükdə insanlığa ünvanlanıb. Qüdrətli söz sənətkarının məşhur “Xəmsə”si bəşəriyyətin mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutub. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.01.2021-ci il tarixli Sərəncamı ilə ölkəmizdə “Nizami Gəncəvi İli”nin elan edilməsi mədəni və siyasi baxımdan böyük əhəmiyyət kəsb edir.

Bu Sərəncamı təkcə ölkəmizdə deyil, həmçinin ölkə hüdudlarından kənarda da qüdrətli söz və fikir ustadının fəlsəfəsini daşıyan insanlara verilən qiymətin təzahür forması kimi qiymətləndirmək olar. 2019-cu ilin “Nəsimi İli”, 2021-ci ilin isə “Nizami Gəncəvi İli” elan edilməsi Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə və özünə qayıdışına sahibliyinin sübutudur.

Nizami fəlsəfəsi Şərqlə Qərbin bir-birinə “aşiq olduğu” bu coğrafiyanın hələ XII əsrdən intellektli insanların, mədəni müxtəlifliyin, tolerantlığın beşiyi olduğunu göstərir. Nəzərə alsaq ki, hələ bu dövrlərdə dünyanın bir çox yerində ilk ali təhsil müəssisələri yenicə yaranırdı, dini zəmində münaqişələr baş verirdi, Azərbaycanda isə xalqımız humanizm fəlsəfəsi ilə tərbiyələndirilirdi. Kamil insanın inkişaf dövrlərindən söz açılırdı. Elə məhz buna görə də belə şəxsiyyətlərin geniş təbliğinə böyük ehtiyac var. Mədəniyyətlərarası ziddiyyətlərin dərinləşdiyi, dini ayrı-seçkiliyin siyasi ritorikada aktuallaşdığı bir vaxtda sülhü, ədaləti, dialoqu, həmrəyliyi təbliğ edən mütəfəkkirlərin təbliği çox vacibdir. Bu baxımdan belə ənənələri formalaşdıran Nizami Gəncəvilərin dünyaya təbliği böyük əhəmiyyət kəsb edir.