C. İyn 18th, 2021

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətində ilk növbədə problemləri yaradan səbəbləri aradan qaldırmaq üçün tədbirlər həyata keçirilir, müvafiq dövlət proqramları qəbul olunur.

Problemlərə bu cür kompleks yanaşma, onları doğuran səbəblərin aradan qaldırılması mümkün neqativ nəticələrin baş verməsinin də qarşısını alır. Dövlət başçısının sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələri, əldə olunan iqtisadi dividentlər ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilir. Sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən mühüm sosial proqramlar da ildən-ilə genişlənir. Şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət başçısının xüsusi qayğısı nəticəsində mənzillər təqdim edilir. Ölkə başçısının bütün fəaliyyəti və verdiyi qərarlar Azərbaycanda əhalinin sosial rifahının güclənməsinə hesablanıb və xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir. Bu isə, ölkəmizdəki sağlam yaşam mühiti, təhlükəsiz həyat şəraiti, birmənalı olaraq, dövlətimizin başçısı İlham Əliyevin apardığı və qarşıya qoyduğu məqsədyönlü, qabaqcıl siyasətinin nəticəsidir.

Trend xəbər verir ki, bu uğurlu siyasətin bariz nümunəsi kimi Azərbaycanın təcrübəsi ötən ilin dekabrında nüfuzlu “Springer International Publishing” nəşriyyatı tərəfindən nəşr olunan “İslam Dünyasında Sosial Siyasət” (Social Policy in the Islamic World) adlı kitabda ayrıca olaraq təqdim olunub. 339 səhifəlik bu tədqiqat işi islam dünyasında sosial siyasəti təhlil edən ilk və hələlik yeganə fundamental elmi əsərdir. Kitab Ali Akbar Tajmazinani ilə birlikdə sözügedən nəşriyyatın ekspertləri tərəfindən redaktə edilib. Artıq kitabı “Amazon”, “Palgrave” və digər şəbəkələr vasitəsilə sifariş etmək mümkündür.

Nəşrdə 8 ölkənin, o cümlədən Azərbaycanın təcrübəsi ayrıca olaraq təqdim olunub. Tədqiqatçıların hazırladığı bölmədə Azərbaycanda həyata keçirilən sosial paketlərin və sosial təminat sisteminin genişləndirilməsinin elmi təhlili verilib. 2019-cu ildə 3 milyondan çox vətəndaşımızı əhatə edən sosial paket kitabda sosial təminatın daha da gücləndirilməsi mexanizmi kimi təqdim edilib.