Şb. İyn 19th, 2021

Yanvarın 23-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Kollegiya üzvləri əvvəlcə binanın birinci mərtəbəsində Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuşlar. İclas başlamamışdan öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, qazilərimizə şəfa dilənib.

Kollegiya iclasında giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev diqqətə çatdırıb ki, xilaskarlıqdan qalibiyyətə yüksələn zəfər səlnaməsinin memarı, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində uzun illərdən sonra ölkəmiz ərazi bütövlüyünü bərpa edərək inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş, 44 günlük haqq savaşında qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, ordumuzun qüdrətini və xalqımızın milli birliyini bir daha bütün dünyaya nümayiş etdirib.

Qeyd edilmişdir ki, dövlət başçısının aparıcı ölkələrin televiziya kanallarına verdiyi müsahibələri Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın təcavüzkarlıq siyasətinin, hərbi təxribatlarının ifşası və beynəlxalq müstəvidə məsələyə münasibətin araşdırılması, tarixi, hüquqi-siyasi aspektlərinin təhlili baxımından xüsusi əhəmiyyət kəsb etməklə informasiya cəbhəsində də qələbəmizi şərtləndirib.