Be. İyn 21st, 2021

Azərbaycan Ordusunun hərbçilərinin qəzaya düşməsilə bağlı cinayət işi başlanıb. Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, daxil olan məlumat əsasında Gəncə hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınmış və digər hərəkətlər icra edilib: “Xəbər verildiyi kimi, 28.01.2021-ci il tarixdə Kəlbəcər rayonu ərazisində, “Ömər aşırımı” adlanan yerdən keçən yolda hərəkətdə olan “Ural” markalı nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Mustafayev Ramiz Bağman oğlu və Qaragözov Alıxan Əkbər oğlu dünyasını dəyişib.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək”.