Bz. İyn 20th, 2021

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasına başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanılan qadınların və yetkinlik yaşına çatmayanların saxlanma şəraitinin və onlarla rəftarın, hüquqlarının təmin edilməsi vəziyyətinin, həmçinin COVID-19 pandemiyasına qarşı görülən profilaktik işlərin öyrənilməsi olub.

Başçəkmə zamanı təcridxanadakı qadın və yetkinlik yaşına çatmayanların saxlanıldığı yerlərə baş çəkilib, mövcud şərait monitorinq edilib.

Qadınların saxlanıldığı bina ilə tanışlıq zamanı saxlanma şəraitinin daxili intizam qaydalarına, sanitar-gigiyenik qaydalara uyğun olduğu müşahidə edilib. Başçəkmə zamanı təqsirləndirilən qadınlardan birinin himayəsində azyaşlı körpəsinin olduğu nəzərə alınaraq əlavə təminat və uyğun şəraitlə təchiz edildiyi müəyyən edilib.