Ç. İyn 23rd, 2021

Ötən il Elektron Kredit Platforması üzərindən yeni biznes krediti sifarişi 949 mln. manat olan 3 300-dən çox müraciət daxil olub.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, artıq bir sıra müraciətlərə baxılıb və 529 müraciət üzrə ümumi həcmi 169 mln. manat olan dövlət zəmanətli kreditlərin ayrılması barədə qərarlar qəbul edilib və bundan 369 müraciət üzrə 130 mln. manat kreditə 74,8 mln. manat məbləğində dövlət zəmanəti verilib.

Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə (sürətli və ənənəvi kreditlər üzrə müvafiq olaraq 7 və 10 iş günü ərzində) nəticələr barədə sahibkarlara platforma vasitəsilə məlumat veriləcəkdir.

Nazirlikdən bildirilib ki, 2020-ci ildən tətbiq edilən digər mexanizmə uyğun olaraq, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 mlrd. manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixinədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilir.

Bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq edilir.

Artıq bu mexanizm çərçivəsində kredit qalığı 483 mln. manat 1992 müraciət üzrə 33 mln. manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib və bunlardan 1 365-i üzrə 20 mln. manat subsidiya ödənişi həyata keçirilib.