C. İyn 18th, 2021

Azərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstərilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi sahibkarlıq subyektlərinin zərərlərinin azaldılmasına, onların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, iş yerlərinin qorunub saxlanılması məqsədini daşıyır. Sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılıb.

Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı 4-cü mərhələ çərçivəsində 174.316 muzdlu işçini əhatə edən 18.845 vergi ödəyicisinə 39,06 mln. manat həcmində maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində verilib. Eyni zamanda, yeni qeydiyyatdan keçmiş vergi ödəyiciləri də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlanıblar.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 83.162 fərdi (mikro) sahibkara 29,5 mln. manat maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilib.