Ca. Avq 5th, 2021

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi və bütün xalqımızı doğma torpaqlarımızın işğaldan azad olunması və qazandığımız möhtəşəm qələbə münasibətilə ürəkdən təbrik edirəm. Allahdan Vətən müharibəsində canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə isə səbir diləyirəm. Qazilərimizin isə tezliklə şəfa tapmasını arzu edirəm.

Cənab Prezident, Sizin Şuşaya tarixi səfəriniz bizə bir daha bu böyük zəfəri yaşatdı. Səfər zamanı Müzəffər Ali Baş Komandan kimi Şuşada üçrəngli bayrağımızı qaldırarkən Sizinlə qürur duyduq.

İndi Ulu Öndərimizin də ruhu şaddır. Siz onun vəsiyyətini yerinə yetirdiniz, xalqımızın uzun illər çəkdiyi həsrətə son qoydunuz. Siz Şuşada ailə üzvlərinizlə birgə ziyarət etdiyiniz məscidlərə “Qurani-Kərim” hədiyyə elədiniz. Allah ziyarətinizi qəbul etsin!

Cənab Prezident, ən böyük istəyim tezliklə doğma diyarım Şuşanı görməkdir. Günü bu gün ora gedib, XVIII əsrdə tikilmiş və hazırda düşmən tərəfindən dağıdılmış evimizi təmir etmək və ya çadır qurub doğma yurdumda yaşamaq istərdim.

Əminəm ki, Siz bizim bu arzumuzun tezliklə reallaşmasına köməklik göstərəcəksiniz.

Uca Tanrı Sizi qorusun!

Dərin hörmət və ehtiramla,

Şəfiyev Rüfət Seymur oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Corat qəsəbəsi.