Ca. Avq 5th, 2021

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi və bütün xalqımızı doğma torpaqlarımızın işğaldan azad olunması, qazandığımız möhtəşəm qələbə münasibətilə ürəkdən təbrik edirəm. Allahdan Vətən müharibəsində canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə isə səbir diləyirəm. Qazilərimizin isə tezliklə şəfa tapmasını arzu edirəm.

Cənab Prezident, Sizin Şuşaya tarixi səfəriniz bir daha bizə bu böyük zəfəri yaşatdı. Bu səfər zamanı Ali Baş Komandan kimi Şuşada üçrəngli bayrağımızı qaldırarkən Sizinlə qürur duyduq. İndi Ulu Öndərimizin ruhu şaddır. Siz onun vəsiyyətini yerinə yetirdiniz, xalqımızın uzun illər çəkdiyi həsrətə son qoydunuz.

Siz Şuşada ailə üzvlərinizlə məscidləri ziyarət edib, “Qurani Kərim” hədiyyə etdiniz. Allah ziyarətinizi qəbul etsin! Bu, millətimizin mənəviyyatının yüksək göstəricisidir.

Cənab Prezident, həmişə paxlava şirniyyatı görəndə, eşidəndə beynimdə Novruz bayramı canlanırdı. Amma Sizin Şuşada, Cıdır düzündə ailənizlə bərabər süfrə başında “armudu stəkanda çay və paxlava”- deməyiniz və nuş etməyiniz dostlara qürur verdiyi kimi, düşmənlərimzi də yandırıb yaxdı. Bundan sonra paxlava yedikdə, Sizin Şuşaya səfərinizi, Cıdır düzündə süfrə başında dediklərinizi könül xoşluğu ilə xatırlayacağam.

Allah Sizi və ailənizi qorusun!

Hörmət və ehtiramla,

Abdullayev Qüdrət Zillisultan oğlu, məhkum

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.