Şb. İyn 19th, 2021

Şuşanın gələcək həyatı ilə bağlı öz addımlarımızı atacağıq. Artıq mən bildirmişəm ki, bu il iki tədbir keçirilməlidir. “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqifin məqbərəsinin bərpası ilə bağlı işlərə start verilməlidir və çalışmalıyıq ki, məqbərə bu il bərpa edilsin. Vaqif poeziya günləri məqbərənin önündə keçiriləcəkdir.

bunu Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Təbii ki, düşmən Şuşanı talan edib, viran qoyub, dağıdıb. Şuşada olarkən, bu acı mənzərəni seyr edərkən adamın ürəyi ağrıyır. Amma biz bütün infrastruktur layihələrini icra edərək Şuşanı tez bir zamanda bərpa edəcəyik. Bildiyiniz kimi, Şuşaya gediş-gəlişin təşkil edilməsi üçün mənim Sərəncamımla yol çəkilir. Füzuli hava limanı inşa edilir və bu ilin sonuna qədər istifadəyə verilməlidir. Ondan sonra beynəlxalq uçuşlar təşkil edilməlidir. Şuşa ilə bağlı indidən müxtəlif ölkələrdə təqdimatlar və sərgilər keçirilməlidir. Siz Azərbaycan Dövlət Turizm Agentliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə bu proqramı işləyin. Dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimatı keçirilməlidir. Həm Azərbaycan ictimaiyyəti, eyni zamanda, beynəlxalq ictimaiyyət bərpa işlərimizin gedişi ilə bağlı məlumatlandırılmalıdır.