Şb. İyl 24th, 2021

Vətən müharibəsində şanlı qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlanıb. Erməni vandallarının uzun illər ərzində işğal etdikləri Qarabağda və ətraf rayonlarda törətdikləri dağıntıların nəticələrinin aradan qaldırılması, bölgədə insan həyatının hərtərəfli bərpa edilməsi üçün hələ uzun müddət əsaslı işlər aparılmalıdır. Bunun üçün Azərbaycan xalqının və dövlətinin möhkəm iradəsi, lazımi maddi imkanları, ən əsası isə tarixi torpaqlarımıza tükənməz Vətən sevgisi var.

Bunu Trend-ə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibənin başa çatmasından dərhal sonra imzaladığı sərəncamlar və göstərişləri əsasında işğaldan azad edilmiş ərazilərdə başlanmış böyük dirçəliş, tikinti-quruculuq işləri uğurla davam etdirilir:

“Azad edilmiş ərazilərdə dirçəliş işlərinin mühüm bir istiqamətini də tarixi abidlərlə bağlı fəaliyyət təşkil edəcək. Ermənilər tərəfindən dağıntılara məruz qalmış tarixi-memarlıq komplekslərinin bərpa və konservasiyası, bölgədəki bütün abidələrin aşkar edilərək qeydiyyata alınması üçün arxeoloji axtarış işlərinin aparılması qarşıda duran əsas vəzifələrdəndir. Bütün bu fəaliyyətin məqsədi bir neçə mərhələdən ibarətdir: 1. Abidələrin mühafizəsi; 2. Abidələrin tədqiqatları; 3. Abidələrin turizm məqsədi ilə istifadəsi. Bu işlərin uğurla həyata keçirilməsi üçün müvafiq qurumların birgə fəaliyyətinin koordinasiya edilməsi vacibdir. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası abidələrin axtarış, qeydiyyat və tədqiqat işlərini, Mədəniyyət Nazirliyi onların qorunması və idarə edilməsi, Dövlət Turizm Agentliyi isə turizm məqsədi ilə istifadəsini təşkil etməlidirlər. Məhz bu qurumların sıx əməkdaşlığı abidələrimizin regional və beynəlxalq miqyasda tanınması, təbliğ edilməsi, Qarabağın qədim və orta əsrlər dövrü tarixinin tədqiqatları işinə böyük töhfə verəcəkdir.