Ç. İyn 23rd, 2021

“Dövlət Əmək Müfəttişliyi qeyri-formal məşğulluğun qarşısını almaq üçün silsilə tədbirlər həyata keçirir”.

APA-nın məlumatına görə, bunu bu gün Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa işlərinə cəlb ediləcək şirkətlərdə qeyri-formal məşğulluğa cəlb etmə hallarına yol verilməməsi üçün hansı tədbirlərin görüləcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.

M. Abbasbəyli deyib ki, 2020-ci ildə 500-dən çox işəgötürən bununla bağlı məsuliyyətə cəlb edilib: “Onu da qeyd etmək lazımdır ki, belə hallar son illər kifayət qədər azalıb. Bu istiqamətdə mütəmadi işlər görülür. İşğaldan azad olunmuş ərazilərin bərpası, orada ictimai işlərin təşkili, abadlıq işlərinin həyata keçirilməsi üçün də Tədbirlər Planımızda ayrıca bir maddə nəzərdə tutulub. Biz haqqı ödənilən ictimai işlərə həm işğaldan azad olunmuş bölgələrdə, həm də sərhəd bölgələrində olan işsizləri yönləndirməyi nəzərdə tutmuşuq ”.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri qeyd edib ki, rəqəmsallaşma sahəsində qeyri-formal məşğulluqla bağlı xüsusi bir informasiya ehtiyatı yaradılır: “Qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı bizə imkan verəcək ki, istənilən  işəgötürəndə istənilən qeyri-formal kütləni ortaya çıxarıb, bu sahədə problemi asanlıqla həll edə bilək”.