Şb. İyn 19th, 2021

Hər kəsə qeyri-bərabər paylanan ağıldan Erəmnistanın payına nədənsə çox kəm düşüb. Bu kəmlik artıq erməni genefonduna qədər işləyib. Belə olmasaydı, bu gün dünyada manqurt təfəkkürü ilə doğulan, yaşayan, idarə olunan, siyasət yürüdən tək dövlət olmazdı. Bu monoetnik dövlətin ən böyük zəifi isə qorxudur. Başında kimin durmasından asılı olmayaraq, həmişə qorxub.

Nədən, kimdən və niyə?

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan istefa verməyə məcbur edilməzdən əvvəl yazdığı məqalədə Ermənistanın Dağlıq Qarabağ münaqişəsində əvvəl-axır güzəştlərə getməli olduğunu demişdi. Məhz həmin məqalə Ter-Petrosyanın istefasına səbəb oldu. Çünki adam qan qoxan bu münaqişənin sonrakı taleyindən qorxurdu. Amma onu istefaya sürükləyəcək qədər güclü olan daxili təhlükəni gözə almamışdı, ala bilməmişdi.

Beləliklə, hakimiyyət səviyyəsində ən böyük qorxunun təməli də elə bu vaxtdan qoyuldu – nəyin bahasına olur-olsun, daxili kütləni ovutmaq, ictimaiyyətin qınağına, qıcığına tuş gəlməmək. Bundan sonra hakimiyyətə gələn istər Koçaryan, istər Sarkisyan, istərsə də Paşinyan bu qorxunun sindromundan qurtula bilmədilər. Və bütün manipulyasiyalarını da məhz Dağlıq Qarabağ münaqişəsi üzərindən etdilər. Yerevanda yel əsən kimi Qarabağda bir hoqqa çıxarmaq və ya qeyri-səmimi populist fikirlərlə kütləni sakitləşdirməyə və zənnlərincə güclü lider olduqlarını nümayiş etdirməyə çalışdılar. Bununla bağlı sabiq prezidentlər Koçaryan və Sarkisyanın timsalında onlarla fakt göstərmək olar. Hazırkı baş nazir, Soros fondunun min cür oyunbazlığı ilə hakimiyyəti zəbt edən Nikol Paşinyan da sələflərinin bu xəstəliyini dəf edə bilmədi. Əksinə, daha da irəli gedərək “Qarabağ Ermənistandır və nöqtə” deməklə Ermənistan siyasi tarixinin ən böyük səhvini buraxdı. Məhz bu ifadənin özü Paşinyanın qorxu sindromunun ən böyük təzahürü idi…