C. İyl 30th, 2021

Quş qripi (ing.avian influenza) müxtəlif növ quşların və heyvanların kəskin gedişli kontagioz xəstəliyidir. Xəstəlik respirator orqanların, mədə-bağırsaq traktının zədələnməsi, eləcə də quşlar arasında yüksək tələfat və iqtisadi zərər ilə nəticələnir. Xəstəliyin törədicisi Orthomyxoviridae ailəsinə, influenza cinsinə aid olan RNT tərkibli mutagen virusdur. Ümumiyyətlə, quş qripi virusu (A tipi) müxtəlif kombinasiyalarda birləşən 16H və 9N tipləri kimi təsnif olunur. İndiyə qədər 16 HA və 9 NA serotiplərinə çöl quşları arasında rast gəlinib. Qeyd edilən serotiplər yüksək və aşağı patogenli olmaqla 2 qrupa bölünür ki, onlardan yüksək patogenli quş qripi (A(H5N1), HPAI- ing. highly pathogenic avian influenza) həm quşlar, həm də insanlar üçün təhlükəli infeksiya növü hesab olunur. Quş qripi xəstəliyi heyvanlara və insanlara əsasən aerogen və ya alimentar yolla yoluxur.

Tədqiqatlar göstərir ki, yüksək patogen quş qripi virusu ətin -70o C-yə qədər dondurulması zamanı 300 gündən artıq müddətdə sağ qalır və öz virulentliyini qoruyub saxlayır. Buna misal olaraq 2001-2007-ci illərdə Koreya, Yaponiya və Almaniya kimi ölkələrə idxal edilmiş çiy toyuq əti və dondurulmuş ördək karkasında quş qripi virusunun aşkar edilməsini göstərə bilərik. Tədqiqatlar nəticəsində virusa yoluxmuş quşların nəinki yumurtasında, onun qabıq hissəsində də törədicinin mövcudluğu öz təsdiqini tapıb. Yumurtanın qaynadılaraq bişirilməsi zamanı viruslar məhv olsa da, çiy yumurta və onun məhsulları ilə təmas insanların xəstəliyə yoluxması baxımından yüksək risk amili hesab olunur.

Yüksək patogenli quş qripi bir çox ev və vəhşi quş növləri arasında (toyuq, ördək, hinduşka, sərçə, qarğa, göyərçin, çöl ördəyi, qırqovul, kəklik və s.) qeydə alındığı üçün xəstə quşların sənaye və ya ev şəraitində kəsimi, eləcə də vəhşi quşların ovlanması zamanı insanların virusa yoluxma təhlükəsi böyük olur.

Sənaye tipli quşçuluq təsərrüfatlarında xəstəliyin baş verməsində yem, quşlara xidmət alətləri və avadanlıqlar, eləcə də nəqliyyat vasitələrinin törədici ilə çirklənməsinin rolu böyükdür. Belə ki, xəstə quşlara qulluq zamanı istifadə edilən əşyalarda, quşların saxlandığı yerlərdə və törədici ilə çirklənmiş digər səthlərdə virus 3 həftəyə qədər sağ qala bilir. Bununla yanaşı, infeksiya törədicisinin mənbəyi xəstə quşlar olduğu üçün diri quş bazarları da virusun yayılmasında əsas təhlükə mənbələrindən hesab edilir. İnfeksiyanın yayılmasında miqrasiya edən köçəri quşlar, gəmiricilər, ətyeyən heyvanlar və qansoran həşəratlar da rol oynayır.