C. İyl 30th, 2021

Sahibkarlar işğaldan azad edilmiş ərazilərdə qida və ictimai iaşə müəssisələrinin yaradılmasına və bu sektora investisiya qoyuluşuna böyük maraq göstərir. Bu barədə yanvarın 28-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının tərəfdaşlığı ilə keçirilmiş “Qida sənayesi və ictimai iaşə sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn forumda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Agentlikdən Trend-ə verilən məlumata görə, Orxan Məmmədov qeyd edib ki, 2020-ci ildə müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti və rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi biznes üçün də yeni imkanlar açıb. “İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan indiyədək KOBİA-ya çoxsaylı müraciətlər daxil olub. Bu müraciətlər əsasən istehsal, turizm, tekstil, tikinti, tibb fəaliyyət, eləcə də qida sənayesi üzrə ictimai iaşə və kənd təsərrüfatı sahələrini əhatə edir. KOBİA tərəfindən işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlara lazımi informasiya, əlaqəndirmə və məsləhət xidmətləri göstərilir” – deyə Orxan Məmmədov vurğulayıb.

KOBİA sədri həmçinin pandemiyanın ictimai iaşə sektoruna da təsirsiz ötüşmədiyini, hökumət tərəfindən müxtəlif dəstək mexanizmləri vasitəsilə biznesin qorunması istiqamətində aktiv tədbirlərin hazırda da davam etdirildiyini vurğulayıb. Post müharibə dövründə və post-pandemiya ərəfəsində sahibkarların və dövlət qurumlarının iştirakı ilə keçirilən bu forum aktual müzakirələr üçün və dövlət-biznes dialoqu üçün əhəmiyyətli platformadır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev çıxışında pandemiya dövründə AQTA-nın həyata keçirdiyi tədbirlər barədə məlumat verib, “COVID-19”la mübarizə tədbirləri çərçivəsində əhali və sahibkarlar arasında geniş maarifləndirmə işlərinin aparıldığını, ictimai iaşə, turizm, qida məhsullarının ticarəti ilə məşğul olan və digər sahibkarlıq subyektlərində monitorinqlərin keçirildiyini bildirib. Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə AQTA-nın işğaldan azad edilmiş ərazilər üzrə fəaliyyətinə dair konsepsiya sənədinin hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyini qeyd edən Balarəhim Quliyev işğaldan azad olunan rayonların dirçəldilməsində sahibkarların üzərinə də məsuliyyətli vəzifənin düşdüyünü, bu vəzifələrin icrası zamanı qarşıya çıxan məsələlərin həlli üçün sahibkarları Agentliklə də aktiv əməkdaşlığa dəvət edib.