Bz. İyn 20th, 2021

Əslən Şuşadan olan Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün Şuşa şəhərinə birgə səfər ediblər.

Hər iki xadim səfər təəssüratlarını Trend-lə bölüşüb.

Fərhad Bədəlbəyli bütün Şuşanı gəzdiklərini bildirdi: “Birinci növbədə Polad Bülbüloğlunun evinə getdik. Təbii ki, çox kədərli hislər yaşadıq. Gördüklərimiz bizim üçün xoşagəlməz mənzərə idi. Çünki Şuşa düşmən tapdağı altında idi. Amma bu dəfə azad Şuşaya qalib kimi gəlmişik. Sağ olsun Cənab Prezidentimiz, şəxsən Polada tapşırıq verdi ki, gəl atanın evini təmir elə! Mən, Polad müəllim və memar Rizvan Zeynalov bir yerdə gəlib evə baxdıq. Bülbülün Ev muzeyi necə olmalıdır, necə təmir edilməlidir, orada hansı işləri görmək lazımdır kimi planlar quruldu. Bu, çox vacib idi.

Sonra Şuşada yerləşdirilən güllələnmiş büstlərə baş çəkdik, Üzeyir Hacıbəyov, Xan qızı Natəvan və Bülbülün büstlərini ziyarət etdik. Ondan sonra əlbəttə ki, Cıdır düzündə olduq, gəncliyimizi yada saldıq”.