Ca. İyn 24th, 2021

Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə tekstil fabriklərinin qurulması üçün ilkin mərhələdə 50 milyon dollar investisiya qoyması bu bölgədə yeni iş imkanlarının yaranmasına şərait yaradacaq.

Bunu Trend-ə açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib. Onun sözlərinə görə, orada qurulacaq fabriklərdə Türkiyənin təcrübəsindən istifadə olunacaq ki, bu da öz növbəsində yerli bazarımızın inkişafına gətirib çıxaracaq:

“Dünya beynəlxalq bazarında Türkiyə tekstil sənayəsinə görə özünəməxsus yer tutur. Xüsusən də Türkiyənin ümumilikdə iqtisadiyyatını biz götürsək, tekstil sənayəsi, istehsal sahəsinin əsas hissəsini daşıyır və qardaş ölkənin bu sahədə təcrübəsi çox böyükdür.

Bu sahənin tətbiq olunması tekstil inkişafı ilə yanaşı olaraq ona yaxın olan sahələrin inkişafına da gətirib çıxaracaq. Bundan əlavə, yerli brendlərimizi də formalaşdıra bilər, çünki orada olan məhsullar Azərbaycan brendi kimi satışa çıxarılacaq. Əlavə olaraq bizim tekstil sənayəsi var ki, hal-hazırda olan müəssisələr onların da inkişafına təkan verəcək. Belə ki, orada təcrübə formalaşdıqca digər firmalar da onlara baxıb öyrənəcəklər. Bununla yanaşı, digər müsbət tərəf ondan ibarətdir ki, oraya qayıdacaq insanlara əlavə iş yerləri yaranmış olacaq. Həmin şəxslər orada işlə təmin olunub, qazanc əldə edəcəklər. Bu da orada yaşayan insanların qaçqınlıq statusu ləğv olunandan sonra dövlətdən yardımı ilə yox, öz əməkləri ilə işləyib ailələrini dolandırmaq imkanı yaranacaq”.