Ça. İyl 27th, 2021

Yanvarın 30-da Ermənistanın işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı oldu.

Açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə milli müdafiə nazirinin müavini Yunus Əmrə Karaosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak etdilər.

Müdafiə naziri Zakir Həsənov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb. Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla atəşkəs rejiminə nail olunub və 30 ilə yaxın davam edən münaqişəyə son qoyulub.

“2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri arasında imzalanan atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum xüsusi əhəmiyyət kəsb edir. Mərkəzin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək. Əminik ki, Mərkəzdə türk və rus həmkarlarımız arasında dost və işçi münasibətlər yaranacaq”, – deyə Azərbaycanın müdafiə naziri vurğulayıb.