Bz. İyn 20th, 2021

“Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci tarixində imzalanan atəşkəs razılaşması çərçivəsində daha əvvəl işğal altında olan bütün Azərbaycan torpaqlarında atışmaların dayandırılması və atəşkəsə nəzarət məqsədilə Türkiyə və Rusiya arasında imzalanan saziş əsasında Atəşkəsə Nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gündən etibarən fəaliyyətə başlayıb”.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində çıxışında deyib.

O bildirib ki, bu gün burada Mərkəzin açılması da daxil olmaqla, bölgədə sülhdən bəhs edə biliriksə, bu, üç liderin – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin səyləri və ortaya qoyduqları iradə nəticəsində mümkün olub.

Nazir müavini qeyd edib ki, son illər qlobal və regional səviyyədə baş verən hadisələr Rusiya ilə həm ikitərəfli əməkdaşlığın, həm də regional məsələlərdə dialoqun nə qədər əhəmiyyətli olduğunu bir daha göstərmiş oldu: “Bunun ən bariz nümunəsi Azərbaycan, Rusiya və Türkiyə prezidentlərinin atdığı addımlardır. Bizim həm ikitərəfli qaydada, həm də regional məsələlərdə Azərbaycan və Rusiya ilə həmrəyliyimiz Qafqazda sülh, sabitlik və inkişaf üçün çox qiymətlidir. Rusiya, Türkiyə və Azərbaycan arasında münasibətlər gələcək birgə məqsədlərə çatmaq üçün möhkəm və əlverişli əsaslara malikdir.

Bu çərçivədə bu Mərkəz ilk baxışda görünəndən daha vacib əhəmiyyət və məna kəsb edir. Mərkəzin qıza zamanda qurulmasından və açılmasından məmnunuq. Ortaq Mərkəz vasitəsilə atəşkəsə riayət edilməsini təşkil edərək sabitliyin təmin olunmasına birlikdə töhfə verəcəyimizə inanırıq. Qarşıdakı müddətdə bu işbirliyi iradəsinin davam etməsini faydalı hesab edirik. Türk və rus əsgərləri birlikdə çalışaraq bölgədə sülh və sabitliyi təmin edəcək”.

Y. Ə. Qaraosmanoğlu Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyət istiqamətlərini də açıqlayıb: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəs rejiminə və bütün atışmaların dayandırılmasına nəzarətin təmin edilməsi, razılaşmanın pozulmasına dair bütün hərəkətlərlə bağlı informasiyaların toplanması, toplanmış məlumatların araşdırılaraq atəşkəsin pozulması hallarının qeydiyyata alınması, tərəflərin razılaşmaya əməl etməməsinə dair digər şikayət və problemlərin araşdırılması, habelə atəşkəsin pozulmasının qarşısının alınması üçün tədbirlər görülməsi istiqamətində fəaliyyət göstərəcək”.

O, Türkiyə, Rusiya və Azərbaycan arasındakı bu əməkdaşlığın qarışlıqlı etimadın, dostluq münasibətlərinin daha da güclənəcəyinə və Azərbaycanla Ermənistan arasında yaxşı qonşuluq münasibətlərinin yaranacağına töhfə verəcəyinə də inandıqlarını bildirib.

“Türkiyə olaraq bu günə qədər olduğu kimi, bundan sonra da azərbaycanlı qardaşlarımızla həmrəy olacağımızı bildirir, bu mərkəzin bölgənin sabitliyinə töhfə verəcəyinə və bu mərhələnin problemsiz şəkildə tamamlanacağına ümid edirəm”, – deyə türkiyəli nazir müavini çıxışını yekunlaşdırıb.