C. İyn 18th, 2021

Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsində üçtərəfli əməkdaşlıq formatında daha bir layihəyə start verilib. Bu dəfə Türkiyədən Rusiyaya ixrac yüklərindən ibarət konteyner qatarı yola salınıb.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Container” MMC-dən bildiriblər. Qeyd olunub ki, 15 konteynerdən ibarət qatar Türkiyənin Ankara şəhərindən Rusiyanın Vorsino stansiyasına istiqamət götürüb. Qatarın ümumilikdə 4 min 650 kilometrlik polad magistralı 8 günə qət edəcəyi gözlənilir.

40 futluq konteynerlərdən ibarət olan qatarın yükü, əsasən, Türkiyə istehsalı olan məişət əşyalarıdır. Yükün ümumi çəkisi isə 150 tondur.

Qatar Bakı-Tbilisi- Qars dəmir yolu və “Şimal-Cənub” Nəqliyyat Dəhlizi vasitəsilə, Türkiyə, Gürcüstan, Azərbaycan ərazisindən keçərək Rusiya ərazisinə daxil olacaq.