Ç. İyn 23rd, 2021

İşğaldan azad olunmuş ərazilərimizdə sülhün davamlı olması və 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın tam şəkildə icra olunması üçün Rusiya və Türkiyənin birgə fəaliyyət göstərəcəyi Monitorinq Mərkəzinin fəaliyyəti vacib idi. Monitorinq mərkəzində Türkiyə hərbiçilərinin Dağlıq Qarabağda sülhməramlı missiyaya birgə nəzarəti həyata keçirməsi ümumi missiyanın yerinə yetirilməsində Türkiyənin faktiki iştirakı deməkdir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatl Azər Badamov deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi Türkiyənin proseslərdə iştirakının mümkünsüzlüyünü ifadə edirdisə, artıq Türkiyə bölgədədir və öz missiyasını həyata keçirməyə başlaması dövlət başçımız İlham Əliyevin dediyi hər bir sözünün real həyatda ifadəsidir: “Bu, o deməkdir ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti həmişə qalib gəlir. Türkiyə qardaş ölkədir və 44 günlük vətən müharibəsində hər zaman yanımızda olmuşdur. Türkiyə Prezidenti cənab Rəcəb Ərdoğan qeyd etmişdi ki, Türkiyə hər zaman və necə lazımdırsa, Azərbaycanın yanında olacaqdır. Bu gün Türkiyə hərbiçilərinin Azərbaycanda birgə monitorinq mərkəzində fəaliyyətə başlanması Azərbaycanın qələbəsini daha da möhkəmlədirir və üçtərəfli bəyanatda qeyd olunmuş maddələrin daha dolğun icrasını təmin edir. Türkiyənin bu prosesə nəzarəti 10 noyabrdan bu günə qədər baş vermiş xoşa gəlməz halların qarşısını alacaqdır. Tezliklə azərbaycanlılar da Xankəndinə və ermənilərin yaşadığı digər yaşayış məntəqələrimizə qayıtmalıdırlar. Məhz Türkiyənin bu proseslərin içində olması bizim həmin ərazilərimizə qayıdışımızı sürətləndirəcək. Artıq Türkiyə hərbiçiləri bütün prosesi Rusiya sülhməramlıları ilə paralel olaraq nəzarət altında saxlayacaq. Mərkəzin fəaliyyətə başlaması Azərbaycanın sözünün gücünü göstərir və bu, o deməkdir ki, torpaqlarımızda qəbul olunacaq bütün qərarlar bizim iradəmizə və maraqlarımıza xidmət etməlidir”.