Bz. İyn 20th, 2021

“Unibank” KB ASC 2020-ci ilin maliyyə nəticələrini açıqlayıb. 31 dekabr 2020-ci il tarixə bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 11 milyon manat təşkil edib. Bankın kapitalı (prudensial üzrə) 97 milyona çatıb.

Unibank KB İdarə Heyətinin sədri Faiq Hüseynov hamımızın yadında Zəfər ili kimi qalan 2020-ci ilin, pandemiya ilə bağlı çətin sınaqlar səbəbindən həyatımızın bütün sahələrinə təsir edən proseslərlə də xatırlanacağını bildirib: “ İqtisadiyyat üçün o qədər də asan keçməyən ötən ili bütün çətinliklərə baxmayaraq, bankımız müsbət göstəricilərlə başa vurdu. Komandamızın gərgin əməyi, bu gün bazarın əsas tələbi olan rəqəmsallaşmaya keçid prosesinə bir neçə il öncədən başlamağımız, top-menecmentin vaxtında verilmiş operativ qərarları bu göstəricilərin əldə olunmasında vacib rol oynadı. 2021-ci il də ümumiyyətlə ölkəmiz və bankımız üçün çox vacib və inkişaf proseslərinin sürətlənməsi ili olacaq. İnanıram ki, bu ili daha yüksək inkişaf göstəriciləri ilə başa vuracağıq”.

Maliyyə nəticələrinə əsasən, 2020-ci il ərzində bankın aktivlərinın həcmində 4 % artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 816 milyon manat təşkil edib. Ötən ilin nəticələrinə görə, Bankın məcmu kapitalının həcmində 3 % artım olub. Hesabat dövrünün sonuna Bankın məcmu kapitalı 83 milyon manata çatıb.

İlin nəticələrinə görə, “Unibank”ın cəmi əməliyyat gəlirləri 20 milyon manat olub. 2019-cu illə müqayisədə 2020-ci ildə “Unibank”ın faiz gəlirləri 9% artaraq, 88 milyon manat təşkil edib.