Ca. İyn 24th, 2021

Yanvarın 25-də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə respublikamızın ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən şəxsi mərdlik, igidlik, cəsarət və fədakarlıq göstərərək düşmənin əsas qruplaşmalarının və döyüş texnikasının məhv edilməsində fərqlənən bir qrup tankçı, eləcə də, şəhid tankçıların ailə üzvləri, qazilər, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun doğulub boya-başa çatdığı Lənkəran şəhərinə səfər edərək əfsanəvi sərkərdənin abidəsini, həmçinin ev muzeyini ziyarət ediblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində Həzi Aslanov adına Xatirə parkında görkəmli hərbi xadimin abidəsi qarşısına əklil qoyaraq xalqımızın qəhrəman oğlunun, həmçinin şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Məlumat verilib ki, bu möhtəşəm abidə şəxsən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və ötən əsrin 80-ci illərinin əvvəllərində qəhrəmanın anadan olduğu Lənkəran şəhərində təntənəli açılışı keçirilib.

Monumental sənət əsərinin müəllifi əslən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərindən pərvazlanan keçmiş sovetlər birliyinin tanınmış heykəltaraşı Əməkdar incəsənət xadimi, xalq rəssamı Cəlal Qaryağdıdır.