Ç. İyn 23rd, 2021

Yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Olmayan Bir Müsahibə …” adlı silsilə materiallar təqdim edir.

Bu material Məmmədli Həsən Qəhrəman oğluna həsr edilmişdir…

– Salam, Həsən.

– Hər vaxtınız xeyir.
– İyirmi beş yaşında məktəbdə direktor müavini işləmək nə olan şeydir?
– Maraqlı idi, işimi bəyənirdim. Soruşa bilərsiniz, hamı məndən çox razı idi.
– İnanıram. Həsən, bir az özündən danış.
– Nə danışım?! İdmanla məşğul oldum, sonra futbola marağım yarandı. Amma sonradan özümü tamamilə işimə həsr etmişdim. Hətta işlədiyim məktəbdə direktor təyin olmalı idim, amma qismət olmadı.
– Müharibədə sənin müəllim olmağını bilirdilər?
– Yox, deməmişdim (gülümsəyir). Amma onlar mənə müəllim deyirdilər.
– Niyə?
– Bilmirəm, yəqin danışığıma görə, bəlkə özümdən asılı olmayaraq müəllimlik eləyirdim (gülür).
– Müharibədən evə tez-tez zəng edirdin
– Alınanda. Adətən hal-əhval soruşurdum, onları narahat etmək istəmirdim.
– Çox danışan deyilsən deyəsən?
– Qürurlu insanlar susmağı və yalnızlığı sevir, məncə… Müharibənin acısını onlara çatdırmaq istəməzdim.
– Həsən, sən Xalidi tanıyırdın. Mən onunla da danışmışam…
– Bəli, Xalid Nəçiyev mənim döyüş dostum idi… Elə döyüşmüşük ki, indiyənə kimi ayrılmırıq…
– Axırıncı dəfə nə zaman danışdın evdəkilərlə?
– Noyabrın üçündə zəng vurdum, bir az danışdıq. Dedim ki, hər şey yaxşı olacaq, qələbə bizimlədir. Anamı soruşdum, narahat idim, çünki anam xəstə idi… Sonra bacıma gözəl hədiyyə gətirəcəyimi söylədim (gülür). O, mənə hər ad günümə üzük alırdı. Mən də onları hədiyyə verirdim.
– Niyə?
– Nə bilim, kim xoşuma gəlirdi verirdim. Amma bacım verən son üzüyü barmağımdan heç çixartmadım. Ona dedim ki, ölən günümə kimi barmağımda saxlayacağam.
– Həsən, sənim maraqlı instagram səhifən var, izləyicilərin də çoxdur.
– Hə, xoşuma gələn videoları ora atırdım, sonra gördüm ki, izləyicilərin sayı artır. Deməli, zövqüm pis deyilmiş (gülür).
– Həsən, müharibənin səsi nədədir?
– O səsi mən noyabrın beşində Laçın istiqamətində eşitdim.
– Qorxmadın?
– Yox, çünki məqsədimi yerinə yetirmişdim… Bilirsiniz, hamımızın öz taleyi var. Mən gözəl həyat yaşadım… Sizə bir söz deyim, mən deməmişəm, amma çox xoşuma gəlir. Deyir, sizin şikayət etdiyiniz həyat, bəlkə də kiminsə xəyalıdır. Bunu unutmaq olmaz. Mən getdım…
– Əlvida, Həsən… Xalidə bizdən salam de…