Ç. İyn 23rd, 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) postmüharibə dövrü üzrə sosial dəstək tədbirlərindən biri də Vətən müharibəsi şəhidlərinin ailələrinə sosial ödənişlərin təyin olunmasıdır.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu günədək artıq 2837 şəhidin 7000-dən çox ailə üzvünə Prezidentin aylıq təqaüdü, pensiya və müavinət təyin edilib.

Müharibədən sonra şəhid ailələrinin üzvlərinin sosial təminat hüquqlarının reallaşdırılması işlərinin operativ təşkili üçün DSMF-də xüsusi işçi qrup yaradılıb, əməkdaşlar səfərbər edilib. Şəhid ailələri üzvlərinin müraciəti olmadan və zəruri sənədlər Fond tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla ödənişlərin elektron qaydada, proaktiv şəkildə təyinatı həyata keçirilib.

Proses artıq başa çatmaqdadır.