Ç. İyn 23rd, 2021

ABŞ-ın Konnektikut ştatındakı erməni lobbisinin göstərişi ilə yerli Nümayəndələr Palatasının üzvləri Edvin Varqas və Uilyam Peti qondarma “Artsax Respublikası”nı tanımağa çağıran 00009 saylı qərar layihəsini sözügedən quruma təqdim ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, buna etiraz əlaməti olaraq Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) məktub kampaniyasına start verib.

Məktubda bildirilir ki, qanun layihəsi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri yanlış şəkildə təqdim edir. Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi, beynəlxalq qanunlara, eləcə də ABŞ-ın milli maraqlarına və xarici siyasətinə zidd olaraq “Artsax” adlı separatçı rejimin qeyri-qanuni fəaliyyətini təşviq etdiyi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan ordusunun 2020-ci ilin noyabrında məğlub olması və kapitulyasiyası nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə baxmayaraq, erməni lobbisi hələ də öz simasını qorumaq və donorlarından aldıqları ianələri doğrultmaq ümidi ilə ABŞ-ın qanunverici orqanlarında qərəzli çıxışlar edirlər.

USAN soydaşlarımızı Konnektikut ştatının Nümayəndələr Palatasına məktublar ünvanlamaqla seçdikləri şəxslərə ətraflı məlumat verməyə və bu qanun layihəsini pisləməyə çağırıb.