Ca. Avq 5th, 2021

Bəşəriyyət artıq yeni bir dövrə – Dördüncü Sənaye İnqilabı dövrünə (Sənaye 4.0) qədəm qoyub. Sənaye 4.0 qarşımızda yeni üfüqlər açan tam yeni bir inkişaf mərhələsidir. Sənaye 4.0-ün mahiyyəti odur ki, artıq hər birimizin maddi dünyası virtual dünya ilə əlaqəlidir və biz kiber-fiziki sistemlər, robotlaşma, ağıllı şəhər və müəssisələrin yaradılmasının, 5-ci nəsil mobil rabitənin, əşyaların interneti və s. yaradılmasının şahidi oluruq.

Dünya birliyinin ayrılmaz hissəsi və iqtisadi inkişafına görə Cənubi Qafqazda lider ölkə olan Azərbaycan da dördüncü sənaye inqilabına qədəm qoyur. Ötən illər ərzində Azərbaycan təkcə bölgə üçün deyil, bütün Avrasiya regionu üçün böyük əhəmiyyətə malik bir ölkəyə çevrilib. Avropa ilə Asiyanın qovşağında, tarixi İpək Yolunun üzərində yerləşən ölkəmiz böyük Asiya ölkələri olan Çin və Hindistan ilə Avropa İttifaqı ölkələri arasında körpü, habelə Rusiyanı Yaxın Şərq, Cənubi Asiya ilə birləşdirən vacib bir ölkədir.

Bu gün Sənaye 4.0 dövründə Azərbaycan öz əlverişli mövqeyindən fəal şəkildə istifadə edərək böyük regional və transmilli layihələr həyata keçirir. Təbii ki, bu layihələr sırasında ilk növbədə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, həmçinin ölkəmizin dünya ticarətində fəal iştirak etməsini təmin edən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri yer alır. Eyni zamanda, Əfqanıstandan Türkiyəyə və Avropaya uzanan “Lapis Lazuli” marşrutunu da qeyd etmək lazımdır.

Həyata keçirilən məqsədyönlü siyasətin ayrılmaz hissəsi olaraq son illərdə ölkənin müxtəlif bölgələrində yeni infrastruktur layihələrinin icrası, yeni avtomobil və dəmir yolların tikintisi, həmçinin regional layihələrin həyata keçirilməsində ölkəmizin oynadığı aparıcı rol bir tərəfdən daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, digər tərəfdən isə Azərbaycanı Avrasiyanın nəqliyyat mərkəzinə çevirir.